Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin fəaliyyətinin tənzimlənməsi, təşkilati əsaslarının müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin 16 iyul 2001-ci il tarixli 32-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin  5.3.3 bəndini rəhbər tutaraq

 

Q Ə R A R A   A L I R A M:

 

1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti haqqında Əsasnamə təsdiq edilsin.

2. Qərar 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 28.03.2003-cü il tarixli 39 nömrəli əmri ləğv edilsin.

4. Qərar aidiyyəti üzrə elan olunsun.

 

 

  Nazir

  Polis general-leytenantı                                          Əhməd Əhmədov.

 

 

 

 

Naxçıvan  Muxtar  Respublikası  Daxili  İşlər

Nazirinin 11 mart 2013-cü il tarixli 1 nömrəli

qərarı ilə təsdiq edilmişdir.

 

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri

İdarəetmə Xidməti haqqında.

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar.

 

1.1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şöbə səlahiyyətli struktur hissəsidir.

Xidmət Muxtar Respublikada əməliyyat şəraitinə effektiv nəzarətin, Daxili İşlər Nazirliyinin qüvvə və vasitələrinin operativ idarə olunmasının təmini və daxili işlər orqanlarının Növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirir. Kuratorluq üzrə bilavasitə Daxili İşlər Nazirinə tabedir.

1.2. Xidmətin strukturuna Növbətçi hissə, 102 xidməti və komendant manqası daxildir.

1.3. Növbətçi Hissələri İdarəetmə Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Ali Məclis Sədrinin Fərman və Sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin normativ-hüquqi aktlarını, bu Əsasnaməni rəhbər tutur.

1.4. Xidmətin işi əməliyyat şəraitinə daimi müşahidə, operativlik, planlaşdırma, tapşırılan sahəyə görə əməkdaşların şəxsi məsuliyyətinin müəyyən olunması prinsipləri əsasında qurulur.

1.5. Xidmətin fəaliyyətinin təşkilati əsaslarını Daxili İşlər Nazirliyinin iş planı, digər məqsədli planlar və proqramlar, habelə bilavəsitə xidmətin iş planı təşkil edir.

II. Xidmətin əsas vəzifələri.

2.1. Daxili İşlər Nazirliyinin hazırlıq dərəcəsinin tətbiqinin təmin edilməsi.

2.2. Muxtar Respublikada əməliyyat şəraiti barədə məlumatların toplanması, işlənməsi, Nazirlik rəhbərliyinə məruzə edilməsi və müəyyən edilmiş qaydada digər icra hakimiyyəti orqanlarına və təşkilatlara verilməsi.

2.3. Ağır cinayətlər, kütləvi iğtişaşlar, təbii fəlakətlər və digər fövqəladə hadisələr zamanı Daxili İşlər Nazirliyinin tabeliyində olan daxili işlər orqanlarının qüvvə və vasitələrinin operativ surətdə idarə olunması.

2.4. Xüsusi əməliyyat planlarının tətbiq edilməsi zamanı daxili işlər orqanları və xidmətlərin fəaliyyətinə nəzarətin və onların qarşılıqlı əlaqələrinin təmin edilməsi.

2.5. Daxili işlər orqanları növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyin, nəzarətin, praktiki və metodiki köməklik göstərilməsinin həyata keçirilməsi, müsbət iş təcrübəsinin öyrənilməsi və yayılması.

2.6. Daxili işlər orqanlarının növbətçi hissələri ilə qarşılıqlı fəaliyyətin  və  informasiya mübadiləsinin təşkili.

2.7. Muxtar Respublikada törədilmiş cinayətlər, baş vermiş hadisələr və keçirilmiş tədbirlərə dair daxil olan məlumatların təhlili, idarəçilik qərarlarının qəbul edilməsi üçün təkliflərin hazırlanması.

2.8. Törədilmiş cinayətlər, baş vermiş hadisələr barədə məlumatların daxili işlər orqanları tərəfindən Daxili İşlər Nazirliyinə verilməsi qaydalarına riayət olunmasına, məlumatların tamlığına və keyfiyyətinə nəzarətin təmin edilməsi.

2.9. Cinayətlər barədə ərizə və şikayətlərin daxili işlər orqanlarının növbətçi hissələrinə qəbulu və qeydiyyatı qaydalarına riayət olunmasının  təmin edilməsi.

2.10. Cinayətlər  və hadisələr barədə daxil olan məlmatların nazirliyin aparatında 102 xidməti vasitəsi ilə qəbulunu, qeydiyyatını, onlar üzrə təcili tədbirlər görülməsini, aidiyyəti üzrə ötürülməsini, bu sahədə polis orqanları ilə operativ rabitənin təmin edilməsi.

2.11. Rübdə bir dəfədən az olmayaraq 102 xidməti vasitəsilə daxil olmuş məlumatlarla ərazi polis orqanlarında aparılmış araşdırmaların nəticələrinin üzləşdirilməsinin aparılması.

2.12. Təxirə salınmaz tədbirlər görülməsini tələb edən məlumatlar üzrə hadisə yerinə bilavasitə yaxın olan qüvvə və vasitələrin yönləndirilməsi.

2.13. Daxili işlər orqanları əməkdaşlarının qanunazidd hərəkətləri barədə 102 xidməti vasitəsilə daxil olan məlumatların müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin rəhbərliyinə məruzə edilməsi.

2.14 . Tutulan, saxlanılan, daxili işlər orqanlarının növbətçi hissələrinə gətirilən şəxslərin hüquq və azadlıqlarının təmin olunması işinin təşkili.

2.15. Daxili İşlər Nazirliyinin aparatında əməkdaşlara təhkim olunmuş, habelə ehtiyat silah-sursatın saxlanılması.

2.16. Nazirliyin aparatının inzibati binasının (binalarının) mühafizəsinin, habelə müəyyən olunmuş qaydada inzibati binaya (binalara) buraxılış rejiminin həyata keçirilməsi.

2.17.  İnzibati binaya giriş-çıxış qaydalarına riayət edilməsinin təmin olunması.

2.18. Binada olan maddi-texniki vəsaitlərin, qiymətli malların və əmlakın qorunması.

2.19. Binada sanitar və yanğın təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi, bu sahədə yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlərin görülməsi.

2.20. Binada su, qaz təchizatının, istilik sisteminin və elektrik şəbəkəsinin normal və fasiləsiz işləməsinin təmini.

2.21. Kommunal sistemdə qəza, yanğın baş verdikdə və qurğularda nasazlıq yarandıqda müvafiq qəza və ya yanğın xidmətlərinin çağırılması, ilkin olaraq yanğın və ya qəzanın mövcud qüvvələrlə aradan qaldırılması, xidməti sənədlərin, əmlakın köçürülməsinin təşkili.

2.22. Fövqəladə vəziyyət şəraitində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq edilmiş plana əsasən Nazirliyin inzibati binasına silahlı basqının qarşısının alınması.

III. Xidmətin əsas funksiyaları.

3.1. Müəyyən olunmuş işarə üzrə Daxili İşlər Nazirliyinin hazırlıq dərəcələrinin təmin edilməsinə dair tədbirləri həyata keçirmək.

3.2. Həyəcan siqnalı üzrə və xüsusi əməliyyat planları elan edilən zaman müvafiq toplanış sxemləri əsasında şəxsi heyəti xəbərdar etmək, mövcud postları gücləndirmək, nazir və yaxud onu əvəz edən şəxslə, cəlb olunmuş qüvvə və vasitələr arasında operativ rabitə yaratmaq.

3.3. Muxtar Respublikda əməliyyat şəraiti barədə daxil olan məlumatları qəbul etmək, dəqiqləşdirmək zəruri hallarda əlavə məlumat tələb etmək. Onları sistemləşdirmək və gündəlik əməliyyat məlumatları hazırlayaraq, nazirliyin rəhbərliyinə məruzə etmək, müəyyən olunmuş qaydada digər orqanlara göndərmək.

3.4. Ağır cinayətlər, kütləvi iğtişaşlar, təbii fəlakətlər və digər fövqəladə hadisələr baş verdikdə dərhal nazirə və yaxud onu əvəz edən şəxsə məruzə etmək, onların göstərişinə əsasən müxtəlif məqsədli əməliyyat planlarının tətbiqini təşkil etmək, aidiyyəti xidmətlərin, orqanların fəaliyyətini əlaqələndirmək.

3.5. Daxili işlər orqanlarının növbətçi hissələrinin fəaliyyətinə əməli rəhbərliyi həyata keçirmək. Yerlərdə işin təşkilini öyrənmək, onun səmərəli qurulması üçün tədbirlər görmək, metodiki tövsiyyələr hazırlamaq, müsbət iş təcrübəsinin tətbiqini təmin etmək.

3.6. Əməliyyat məlumatlarının “Növbətçi hissə”  kompyuter proqramı bazasında toplamaq, təşkil etmək, nazirliyin rəhbərliyi və müvafiq xidmətlər üçün analitik arayışlar hazırlamaq, idarəçilik qərarlarının qəbul edilməsi üçün təkliflər vermək.

3.7. Törədilmiş cinayətlər, baş vermiş hadisələr və keçirilmiş tədbirlər barədə məlumatların Daxili İşlər Nazirliyinə verilməsi qaydalarına riayət olunmasına, məlumatların tamlığına və keyfiyyətinə nəzarəti həyata keçirmək, bu işin təşkilində daxili işlər orqanlarına metodiki və əməli köməklik göstərmək.

3.8. Cinayətlər barədə ərizə və şikayətlərin daxili işlər orqanlarının növbətçi hissələrində qəbulu və qeydiyyatı qaydalarına riayət olunmasının səmərəli qurulması məqsədi ilə bu sahədəki işin vəziyyətini öyrənərək əməli köməklik göstərilməsini təmin etmək.

3.9. Tutulan, saxlanılan və polisə gətirilən şəxslərin, hüquq və azadlıqlarının qorunması işinin təşkilində daxili işlər orqanlarına metodiki və əməli köməklik göstərmək.

3.10. Tutulmuş, saxlanılmış, daxili işlər orqanlarının növbətçi hissələrinə gətirilmiş şəxslərin hüquq və azadlıqlarının pozulması, habelə məlumatların Daxili İşlər Nazirliyinə verilməsi qaydalarına riayət edilməsi halları üzrə xidməti təhqiqatlar  və yoxlamalar keçirmək.

3.11. Daxili İşlər Nazirliyinin aparatında əməkdaşlara təhkim olunmuş, habelə ehtiyat silah-sursatı saxlamaq, zəruri hallarda əməkdaşlara vermək və geri götürmək.

IV. Xidmət rəisinin vəzifəsi və hüquqları.

Xidmət rəisi xidmətin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, xidmətin üzərinə düşən vəzifə və funksiyaların yerinə yetirilməsinə və fəaliyyətinin təşkilinə, nizam-intizamın vəziyyətinə, şəxsi heyətin peşə hazırlığı səviyyəsinə  görə şəxsən məsuliyyət daşıyır və aşağıdakı hüquqlara malikdir:

4.1. Şəxsi heyət tərəfindən qanunçuluğa və xidməti intizama ciddi riayət olunmasına nəzarət etmək.

4.2. Xidmətin üzrərinə düşən vəzifələrin yerinə yetirilməsi məqsədi ilə zəruri olan məlumatları almaq üçün daxili işlər orqanlarına sorğu göndərmək.

4.3. Səlahiyyətləri daxilində növbətçi hissələrin əməkdaşları barədə xidməti təhqiqatlar və yoxlamalar aparmaq, nəticələri üzrə nazirə təkliflər vermək.

4.4. Növbətçi hissələrin fəaliyyətinin, ştat və strukturlarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq.

4.5. Xidmətin əməkdaşlarının vəzifəyə təyin və azad edilməsi, habelə xüsusi rütbələr verilməsi üçün nazirlik rəhbərliyinə təkliflər vermək.

4.6. Xidmət əməkdaşlarının müvafiq qaydada məzuniyyətə çıxarılmasını təşkil etmək.

4.7. Xidmət əməkdaşlarının mükafatlandırılması və intizam məsuliyyətinə cəlb olunması barədə rəhbərlik qarşısında vəsatət vermək.