Naxçıvan Muxtar Respublikası

Mərkəzi Seçki Komissiyası

Q Ə R A R

 

“Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasi tərəfindən normativ xarakterli

aktların hazırlanması və qəbul edilməsi” Qaydalarının təsdiq edilməsinə dair

 

  "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 iyul 2011-ci il tarixli Fərmanının 3-cü hissəsinə əsasən Mərkəzi Seçki Komissiyasına öz səlahiyyətləri daxilində qəbul etdiyi normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi tövsiyə edilmişdir.

Bununla əlaqədar olaraq, müvafiq qaydaların layihəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə işçi qaydasında razılaşdırıldığından hazırlanmış layihə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməli və "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 iyul 2011-ci il tarixli Fərmanının 3-cü hissəsinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 20.4-cü, 20.9-cu, 23.3-cü və 23.6-cı maddələrinə uyğun olaraq qərara alır :

1. “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasi tərəfindən normativ xarakterli aktların hazirlanması və qəbul edilməsi” Qaydaları təsdiq edilsin.

2. Həmin Qaydalar "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 iyul 2011-ci il tarixli Fərmanının 3-cü hissəsinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                             Məhərrəm Qasımov

 

Katib                                                        Elnur Eyvazov

                                                                 

 

№ SQ – 5/2012

22 noyabr 2012-ci il

 

Naxçıvan  Muxtar Respublikası Mərkəzi Seçki

Komissiyasının   22   noyabr  2012 - ci il tarixli

SQ – 5/2012 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

 

 Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən
normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi

QAYDALARI

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 iyul 2011-ci il tarixli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə hazırlanmışdır və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Komissiya) normativ xarakterli aktlarının (bundan sonra - Komissiyanın aktları) hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən edir.

1.2. Komissiyanın aktları Komissiya tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir.

1.3. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun (bundan sonra –Qanun) 4.1.2-ci maddəsinə uyğun olaraq, Komissiyanın aktları qərarlar, təlimatlar və izahlar formasında qəbul edilir.

1.4. Komissiyanın aktları Qanunun 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

1.5. Qanunun 4.4-cü maddəsinə uyğun olaraq, Komissiyanın aktları   Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

1.6. Qanunun 4.2-ci maddəsinə uyğun olaraq Komissiyanın aktları icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

1.7. Bu Qaydalar Komissiyanın konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan aktlarına tətbiq edilmir.

2. Komissiya aktlarının hazırlanması

2.1. Komissiyanın aktları Qanunun 45-ci maddəsinin və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun hazırlanır.

2.2. Komissiya aktların layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

2.3. Qanunun 40.3-cü maddəsinə əsasən Komissiyanın aktlarının layihələri Komissiya Katibliyinin hüquqşünaslarının mütləq iştirakı ilə hazırlanır.

2.4. Qanunun 41.1-ci maddəsinə uyğun olaraq, Komissiyanın aktlarının  layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə Komissiyanın aktında digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.

3. Komissiya aktlarının qəbul edilməsi

3.1. Komissiyanın aktları Komissiyanın iclasında “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 20.13-cü və 23.3-cü maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir və imzalanır.

3.2. Komissiyanın aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.3. Komissiyanın aktları, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq, Komissiya qüvvədə olan aktlarında müvafiq dəyişikliklər edir. Komissiya aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Komissiya Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.

4. Yekun müddəa

Komissiya aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Qanuna və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq tənzimlənir.